Radikulit
Radikulit – fəqərəarası dəliyə daxil olan sinir köklərinin iltihabıdır. Güclü və dözülməz ağrı ilə özünü büruzə verən bu xəstəlik 95% hallarda osteoxondroz, qalan 5% hallarda isə travma, onurğa sütununun deformasiyası və yırtıqları nəticəsində əmələ gəlir.
Bu xəstəlik oturaq həyat tərzi sürən insanlarda və professional idmançılarda daha çox təsadüf edilir. Radikulitin boyun, boyun-çiyin, döş, bel-oma növləri ayırd edilir.
Boyun radikuliti zamanı boyunda ağrı yaranır və bu ağrı başın hərəkəti zamanı güclənir. Bəzən başgicəllənmə, eşitmənin zəifləməsi, müvazinət pozğunluqları da (səndələmə) müşahidə olunur.
Döş radikuliti zamanı döş qəfəsi və ürək nahiyyəsində yayılmış ağrılar olur.
Bel-oma radikuliti zamanı yeriyəndə və əyiləndə beldə güclü ağrılar yaranır.
Radikulitin əlamətlərinin biri də zədələnmiş sinir proyeksiyalarında hissiyyatın itməsidir. Həmçinin keyləşmə, əzələ zəifliyi, göynəmə, baş ağrısı, baş gicəllənmə, eşitmə-görmə zəifliyi – bütün bunlar beyin-qan dövranı pozulması ilə əlaqədar yaranır.
Radikulit zamanı:
- Ağrı qəflətən yaranır, öz-özünə keçə bilər lakin yenidən yarananda daha güclü olur.
- Arxa üstə uzanmış insan ayağını düz qaldıranda ağrı artır.
- Uzanmış vəziyyətdən oturaq vəziyyətə keçəndə ayaq reflektor qatlanır.
- Asqırıq və öskürək zamanı kəskin ağrı, başı önə əydikdə ağrıların artması.
- Hərəkətsiz vəziyyətdə ağrı azalır. Gecələr xəstənin şikayətləri artır.
- Tərləmə, üzün avazıması.